“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçmiş məcburi köçkünlərin peşə bacarıqlarını artırmaq və onların davamlı məşğulluğunu təmin etmək məqsədilə qısamüddətli təlimlərə dair mərhələli şəkildə təşviqat tədbirləri həyata keçirilmişdir.
Bakı şəhərinin müxtəlif peşə təhsil mərkəzlərində və keçmiş məcburi köçkünlərin sıx yaşadığı ərazilərdə, eləcə də Bərdə rayonunun keçmiş məcburi köçkün qəsəbəsində 5 müxtəlif təşviqat yönümlü tədbir həyata keçirilmişdir. Tədbirlərimizdən ilk ikisi 18 mart 2025-ci il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Qobupark-2” yaşayış kompleksində, 22 may tarixində Bərdə rayonunun Həsənqaya qəsəbəsində keçirilmişdir. Növbəti ikisi 26 may tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində və 30 may 2025-ci il Binəqədi rayonunda yerləşən Zəngilan rayon 4 nömrəli tam orta məktəbdə baş tutmuşdur. Sonuncu tədbirimiz isə 3 iyun tarixində Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilmişdir.
Tədbirlərin məqsədi 3300-dən çox keçmiş məcburi köçkün ailəsini 42 ixtisas üzrə təşkil edilən qısamüddətli peşə təlimləri və karyera imkanları barədə məlumatlandırmaq, həmçinin onların bu proqramlara aktiv şəkildə cəlb olunmasını təşviq etmək olub. Tədbirlər zamanı ümumilikdə 600-ə yaxın keçmiş məcburi köçkün tədbirdə iştirak etmiş və onlara qeydiyyat prosesi, təlimlərin keçirilmə qaydaları və tədris proqramlarının karyera imkanları barədə ətraflı məlumat təqdim edilib.
Tədbirlərdə peşə təhsili müəssisələrinin, həmçinin İcra Hakimiyyətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ Regional Məşğulluq filialının və müxtəlif işəgötürən müəssisələrin nümayəndələri iştirak ediblər.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.