Fikrət barmenliklə məşğuldur. Amma bu onun üçün sadəcə bir iş yox uşaqlıq xəyalı idi.
Fikrətin barmenliyə marağı uşaqlıqdan olub. Ailəsinin kafesində işləyib, öyrənib, daim insanlarla ünsiyyətdə olub. Sonradan Gəncədə, Bakıda bir çox restoranlarda ofisiant və barmen kimi çalışıb. Lakin arzusu öz işini qurmaq idi, bu isə vaxtilə ona mümkünsüz görünürdü.
Ta ki, I Böyük Qayıdış layihəsi haqqında eşidənə qədər. O Gəncədə Barmen üzrə peşə kursuna yazıldı və tanınmış restoranlar şəbəkəsi olan “İmperial”da təcrübəyə başladı. Burada təkcə işləmədi, kursda öyrəndiyi nəzəri bilikləri tətbiq etdi və ən əsası sahibkarlığa keçid üçün özünəinam qazandı.
Kursu uğurla bitirib, ailəsi ilə birlikdə Xocalı rayonunun Ballıca kəndinə köç etdi. O, burada özünüməşğulluq proqramına müraciət edir və seçim nəticəsində “Barmen – səyyar qəhvə satış” avadanlığı ilə təmin edilir.
O deyir: “Əvvəllər bu sahədə özümü tapmaq mənə çox uzaq görünürdü. İndi isə səyyar maşınımla fəaliyyətə başlayıram. Bu işi öz torpağımda qurmaq isə mənim üçün həm qürur, həm də xoşbəxtlikdir”.
Fikrət sadəcə bir barmen deyil.
O, qayıdışın, inamın və hər yaşda yeni başlanğıcların simvoludur.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilir və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərə qayıdan keçmiş məcburi köçkünlərin davamlı məşğulluğunun təmin edilməsi və onların əmək bazarına inteqrasiyasına dəstək məqsədilə qısamüddətli peşə kursları (təlim və təcrübə) həyata keçirilir.
Nəzəri biliklərin mənimsənilməsinə yönəlmiş təlimlər əmək bazarının tələblərinə uyğun təşkil edilir və yekunda müdavimlərə dövlət nümunəli sertifikat təqdim edilir. Təlimləri uğurla tamamlayan müdavimlər isə peşə bacarıqlarının inkişafı məqsədilə təlim ixtisaslarına uyğun olaraq işəgötürən müəssisələrdə “Usta yanında şagirdlik” təcrübə proqramına cəlb edilirlər. Təcrübə proqramı müdavimlərə həm nəzəri biliklərini dərinləşdirmək, həm də öyrəndiklərini iş mühitində tətbiq edərək real peşə fəaliyyətinə uyğunlaşma fürsəti verir. 1 ay müddətində həyata keçirilən təcrübə proqramı işəgötürənin tələbinə əsasən, həftədə 2-5 gün və gündəlik 4-8 saat aralığında təşkil olunur. Təcrübə sonunda isə işəgötürən müəssisə tərəfindən müdavimlərə motivasiya və dəstək məqsədilə sertifikat verilir.
Qeyd edək ki, layihə çərçivəsində Bakıda və regionlarda qısamüddətli peşə kursları davam edir. Ümumilikdə 8 peşə təhsili müəssisəsində 42 ixtisas üzrə keçirilən qısamüddətli təlimlərə bu günədək 685 müdavim cəlb edilib. Təcrübə proqramı çərçivəsində isə 10 müxtəlif ixtisas üzrə 188 müdavim təcrübədə iştirak etmişdir. Müvafiq sahələr üzrə yeni bilik və bacarıqlara yiyələnmək istəyən məcburi köçkünlər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçərək iştirak edə bilərlər.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.