5 noyabr 2026-cı il tarixində “Usta yanında şagirdlik” layihəsi çərçivəsində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində mentorlar üçün təlim təşkil edilib.
Təlimin əsas məqsədi dual peşə təhsili proqramlarında mentorluq fəaliyyətinin effektivliyini artırmaq, iştirakçıların tələbələrlə iş, ünsiyyət və qiymətləndirmə bacarıqlarını təkmilləşdirmək, həmçinin peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığı və təcrübə mübadiləsini təşviq etmək olub.
Təlimdə Bakı, Gəncə, Göygöl, Biləsuvar və Zaqataladan peşə təhsili müəssisələrinin istehsalat təlimi ustaları, ixtisas fənn müəllimləri və müxtəlif işəgötürən müəssisələrin mentorları iştirak ediblər.
Nəzəri və praktiki hissələrdən ibarət təlimdə dual peşə təhsilinin təşkili, mentorların rol və məsuliyyətləri, peşə təhsili müəssisəsi – işəgötürən – tələbə arasında əməkdaşlıq mexanizmləri, tələbələrin praktiki bacarıqlarının inkişafı və qiymətləndirilməsi mövzuları əhatə olunub. İştirakçılara Almaniya və Türkiyənin dual təhsil təcrübələri, eləcə də Azərbaycanda proqramın həyata keçirilməsi ilə bağlı yanaşmalar təqdim edilib. İşəgötürən nümayəndələri tələbələrlə iş və peşə təhsili müəssisələri ilə əməkdaşlıq sahəsində praktiki təcrübələrini bölüşüblər.
Təlim zamanı tələbələrlə effektiv ünsiyyət, motivasiya və konstruktiv geribildirim üsulları, o cümlədən “Sendviç texnikası” və Stephen R. Covey-in “Effektiv insanların 7 vərdişi” yanaşmasının mentorluqda tətbiqi müzakirə edilib.
İnteraktiv hissədə iştirakçılar dörd qrupa bölünərək “Mentorluqda effektiv əməkdaşlıq və prioritetlərin müəyyən edilməsi” mövzusunda praktiki tapşırıq yerinə yetiriblər. Qruplar mentorluq prosesində yarana biləcək müxtəlif situasiyaları təhlil edərək həll yollarını və əməkdaşlığın gücləndirilməsinə dair təkliflərini təqdim ediblər.
Təlimin sonunda keçirilən qiymətləndirmə sorğusunda iştirakçılar mentorluqda fəaliyyətlərin prioritetləşdirilməsi, tələbələrin inkişafının izlənilməsi və işəgötürənlərlə davamlı ünsiyyətin qurulması mövzularını xüsusilə faydalı qiymətləndiriblər. Eyni zamanda, dual təhsil proqramının sənədləşdirilməsi və idarə olunması üzrə əlavə təlimlərin keçirilməsinə maraqlarını ifadə ediblər.
Təlim peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında təcrübə mübadiləsinin genişləndirilməsinə və dual təhsil proqramlarında mentorluq fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmişdir.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.