
İyul ayında Bakı və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Turizm sahəsində Dual Təhsil Proqramı üzrə təhsil alan “Aşpaz” və “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisasları üzrə tələbələrin yekun qiymətləndirilməsi həyata keçirilib. Proqramda təhsil alan 54 tələbə təcrübə keçdikləri Fairmont Baku Flame Towers, JW Marriott Absheron Baku, Baku Marriott Hotel Boulevard, Hilton Baku, Courtyard by Marriott Baku, The Merchant Baku hotellərində və “Gabala Hospitality Group”un hotellər qrupunda mütəxəssisləri tərəfindən qiymətləndirilib və tələbələrə qeyd olunan sahələr üzrə iş təklifləri edilib. Tədris ilinin sonunda 30 nəfər tələbə həmin hotellərdə işlə təmin olunublar. Yekun qiymətləndirmədə tələbələrin nəzəri bilikləri ilə yanaşı proqram müddətində əldə etdikləri praktiki bacarıqlar da yoxlanılıb.Tələbələr suallara uyğun bacarıqlarını nümayiş etdirərək, milli və dünya mətbəxinə aid müxtəlif təamlar hazırlayıblar.
Qeyd edək ki, Turizm sahəsində Dual Təhsil Proqramı Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.
“Bacarıqlı Ol” Usta yanında öyrənmə layihəsi çərçivəsində dual təhsil proqramında təhsil alan tələbələr layihə tərəfindən uniforma, mehmanxanaların tələbinə əsasən COVID-19-a dair PCR testindən keçirilmə, eyni zamanda istehsalat təcrübəsi zamanı baş verə biləcək siğorta risklərinə qarşı fərdi qəza siğortası ilə təmin olunmuşdur.
İNNOVETA təhsil və təlim, məşğulluq və sosial sahələrdə ixtisaslaşmış dinamik və sürətlə inkişaf edən peşəkar konsaltinq şirkətidir.